BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATI AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏRİN HƏLLİNDƏN RAZIDIR
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli aprelin 1-də Beynəlxalq Əmək Təşkilatının Moskvadakı ofisinin direktor müavini Ervin Blazum və təşkilatın əmək normaları üzrə eksperti Vitali Savinlə görüşmüşdür.
Daimi Komissiyadan AZƏRTAC-ın müxbirinə demişlər ki, Hadi Rəcəbli qonaqlara Azərbaycan parlamentinin strukturu və iş prinsipi barədə ətraflı məlumat verdi. Komissiya sədri dedi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da bəzi problemlər mövcuddur. Bu problemlərin bəziləri keçid dövrü ilə bağlı olsa da, Azərbaycan üçün ən böyük problem torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranıb. Ölkəmizin bir milyon vətəndaşı qaçqın və məcburi köçkündür. Bu qəbildən olan uşaqların vəziyyəti daha ağırdır.
Amma Azərbaycan dövləti və parlamenti başda Prezident Heydər Əliyev olmaqla sosial problemlərin həllinə son dərəcə həssaslıqla yanaşır. Uşaqların hüquqlarının müdafiəsi, onların himayəyə götürülməsi ilə bağlı qanunlar qəbul edilmişdir. Azərbaycan sosial problemlərin həlli üçün beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir və artıq bir neçə konvensiyaya qoşulmuşdur. BƏT-nin təklif etdiyi 182-ci konvensiya hazırda öyrənilir və bəzi xırda məqamlar nəzərə alınmasa, Azərbaycan bu konvensiyaya qoşulmağa hazırdır. “Uşaqların zərərli əməyə cəlb olunmaması haqqında” konvensiyanın tələbləri onsuz da ölkəmizdə dövlət və ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən yerinə yetirilir.
Ekspert V.Savin dedi ki, hazırda dünyada 250 milyondan çox uşaq zərərli əməyə cəlb olunmuşdur. Təşkilatın əsas məqsədi bu problemi aradan qaldırmaqdır. Bunun üçün isə ölkələrin bu konvensiyaya qoşulması vacibdir.
Qonaqlar Azərbaycanda sosial problemlərin, xüsusən də uşaq problemlərinin aradan qaldırılması ilə bağlı görülən işlərdən razı qaldıqlarını bildirmişlər.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Görüşdə komissiyanın üzvləri Amaliya Pənahova, Məlahət Həsənova, Vəsatət Əzizov iştirak etmişlər.