BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR
Konfransın ikinci iş günü keçirilən iclasını Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü professor Arif Həsənov açmışdır. Səhər iclasında Bolqarıstan Seysmoloji İnstitutunun əməkdaşı Rumyana Qlavçeva çıxış edərək, öz ölkəsində ekoloji fəlakətin qarşısını almaq məqsədilə aparılan elmi tədqiqat işlərindən, seysmiklik tarixindən danışaraq bu hadisələri səciyyələndirmişdir.
İtaliya nümayəndəsi Tinivella Umberta konfransda təmsil etdiyi ölkədə seysmik hadisələri öyrənmək sahəsindəki tədqiqatlardan söz açmışdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Telman Əliyev binalar və qurğuların seysmik təsirdən dağılma təhlükəsinin azaldılması yolları barədə ətraflı məlumat vermişdir.
Sonra AMEA Geologiya İnstitutu Geodinamika şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Fəxrəddin Qədirov “Azərbaycan ərazisində zəlzələ episentrinin və seysmik enerjinin paylanması: qanunauyğunluqlar və tektonik aspektlər” mövzusunda məruzə etmişdir.
Konfransın ikinci iş günü ondan çox məruzə və məlumat dinlənilmişdir. Tədbirdə bir sıra ölkələrin ərazilərində seysmik rejimlərin öyrənilməsi, əhalinin sıx yaşadığı bölgələrin seysmik təhlükəliliyinin və riskin qiymətləndirilməsi, əhalinin və sənaye obyektlərinin dağıdıcı zəlzələlərdən müdafiəsi problemlərinə həsr olunmuş dəyərli məlumatlar verilmişdir. Böyük şəhərlərin, neft-qaz kəmərləri şəbəkəsinin makro və mikro rayonlaşdırılması, tikililərin seysmikliyə davamlılığının yüksəldilməsi zəruriliyi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Müzakirələr başa çatdıqdan sonra Beynəlxalq konfransın iştirakçıları seysmoloji və seysmoproqnoztik işlərin genişləndirilməsini nəzərdə tutan Qətnamə qəbul etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Arif Həsənov Beynəlxalq konfransa yekun vurmuşdur.