Beynəlxalq konfransın iştirakçıları Mingəçevirdə Heydər Əliyev Mərkəzində olublar
Bakı, 9 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilən II beynəlxalq elmi konfransın xarici ölkələrdən gəlmiş nümayəndələri Heydər Əliyev Mərkəzində və bir neçə müəssisədə olublar.
MDU-dan AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Mərkəzində qonaqlar Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, film izləyib və xatirə kitabına ürək sözlərini yazıblar.
“Azərbaycan İES” MMC-də qonaqlar istilik elektrik stansiyasının tarixi, ölkəmizin enerji təminatında rolu və enerji potensialının artırılması məqsədilə infrastrukturun yenilənməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıb. Mingəçevir Sənaye Parkının rezidenti olan "Mingəçevir Tekstil" MMC-də onlara istehsal prosesi, qeyri-enerji sektorunun inkişafında müəssisənin əhəmiyyəti, ixrac imkanları və tətbiq olunan müasir texnologiyalar barədə məlumat verilib.