Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır
Tbilisi, 1 noyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında prioritet sahələr üzrə əməkdaşlıq istiqamətində layihə və təşəbbüslər, əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir F.Quliyev Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət, eləcə də son illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar nəticəsində ölkəmizdə maliyyə sabitliyi və iqtisadi artımın təmin olunduğunu, əhalinin rifah halının yüksəldiyini, bütün istiqamətlərdə əhəmiyyətli irəliləyişlərin əldə edildiyini vurğulayıb. Bu xüsusda, səfir ölkəmizin beynəlxalq maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığa önəm verdiyini, qurumun maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.
Söhbət zamanı xanım İvana Duarte Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlığın mövcud vəziyyəti, prioritet sahələr üzrə layihə və təşəbbüslər barədə məlumat verib, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
O, Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Azərbaycanda bir sıra sahələrdə layihələrin həyata keçirdiyini, o cümlədən neft-qaz, həmçinin, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın, dövlət-özəl sektor tərəfdaşlığı, bərpa olunan enerji, maliyyə sektorunun inkişafı istiqamətində texniki yardımlar və məsləhət xidmətlərinin göstərildiyini bildirib. Qeyd edib ki, Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyası arasında investisiya-məsləhət xidmətləri sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar var.
İ.Duarte Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması istiqaməti üzrə ölkəmiz ilə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu, o cümlədən özəl sektorun maliyyəyə çıxış imkanlarının artırılması, rəqəmsal iqtisadiyyat, iqlim dəyişikliyi, mühüm infrastruktur layihələri və ixrac yönümlü sahələri dəstəkləmək üçün investisiya və məsləhət xidmətləri göstərməyə hazır olduğunu vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi