MƏDƏNİYYƏT
BEYNƏLXALQ MUZEYLƏR KOMİTƏSİNİN KONFRANSI
Sankt-Peterburqda, Şeremetyev sarayında Beynəlxalq Musiqi Alətləri və Kolleksiyaları Muzeyləri Komitəsinin konfransı olmuşdur. Sankt-Peterburq Musiqi Alətləri Muzeyi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova da iştirak etmişdir.
Konfrans bir çox musiqi alətləri muzeylərinin həll etməli olduqları əsas problemin - keçmişin yadigarı və qiymətli eksponatlar olan muzey alətlərinin səsləndirilib- səsləndirilməməsi probleminin müzakirəsinə həsr olunmuşdu.
Alla Bayramova konfransda çıxış edərək, bildirmişdir ki, Bakıdakı muzeyin nəzdində qədim xalq çalğı alətlərindən ibarət xüsusi ansambl fəaliyyət göstərir.
Konfransın yekunlarına əsasən belə bir qərar qəbul olunmuşdur ki, qədim musiqi alətləri onların sərrafları və pərəstişkarları üçün səslənməlidir. Lakin bu, yalnız istifadə edilərkən korlanmayan, yaxud az korlanan alətlərə aid olunmalıdır. Tarixi yadigar hesab olunan alətlərdən, ümumiyyətlə, istifadə etməmək qərara alınmışdır.
Hazırda Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində audiomateriallarla yanaşı, videofayllarla da təchiz olunmuş xüsusi kompüter proqramı hazırlanır. Dünyanın bir çox muzeylərində xüsusi interaktiv monitorları olan belə proqramlar vardır. Hər kəs onlardan istifadə edərək, maraqlandığı alət barədə bütün lazımi video və audioinformasiya ala bilər.
Muzeyin yaxın planlarına Fransanın ayrı-ayrı şəhərlərində keçiriləcək “Səs və roman yolu” festivalında iştirak etmək, habelə digər ölkələrin musiqiçiləri ilə birlikdə Parisdə, YUNESKO-nun binasında çıxış etmək də daxildir.