Beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirirlər
Cenevrə, 12 noyabr, AZƏRTAC
Bu tədbir şəxsən mənim üçün bir neçə il əvvəl Bakıya səfərim zamanı tanış olduğum zəngin Azərbaycan mədəniyyəti, musiqisi ilə növbəti görüş oldu. Ecazkar musiqi məni həmin səfərə qaytardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Cenevrədə Azərbaycanın Zəfər Günü və Bayraq Günü münasibətilə təşkil olunmuş rəsmi tədbirdən sonra Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq deyib. O bildirib ki, Azərbaycanla Parlamentlərarası İttifaqın münasibətləri yüksək səviyyədədir: “Biz Azərbaycanla birlikdə Qoşulmama Hərəkatı çərçivəsində Parlamentlərarası əlaqələri gücləndirmək və təşkilata üzv dövlətlərin qanunverici orqanlarının ortaq Forumunu yaratmaq niyyətindəyik. Ayın sonunda İspaniyada keçiriləcək Assambleyada Qoşulmama Hərəkatına üzv dövlətlərin Parlamentlər Forumunun rəsmən yaradılacağı gözlənilir”.
M.Çunqonq qeyd edib ki, Azərbaycanla Parlamentlərarası İttifaqın əlaqələrinin genişləndirilməsi üçün səylər davam etdiriləcəkdir.
Qırmızı Aypara və Qırmızı Xaç Cəmiyyətləri Beynəlxalq Federasiyasının baş katibi Caqan Çapaqein isə bildirib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş qərargahında keçirilən tədbir ənənəviliyin müasirlik ilə unikal kombinasiyası idi: “Biz ənənlərimizi yaşatmaqla yanaşı, gələcəyə də hazır olmalıyıq. Təşkilat rəhbərləri, diplomatlar bu gün bura toplanaraq möcüzəvi, gözəl musiqidən zövq aldılar”.
O qeyd edib ki, təmsil etdiyi təşkilatın Azərbaycanla məhsuldar əlaqələri var. Yaxın müddətdə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirən baş katib bu səfərdən gözləntilərinin böyük olduğunu da ifadə edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə