Bəzi efiryağlı bitkilərin Abşeronda introduksiyası və bioekoloji xüsusiyyətləri tədqiq olunub
Bakı, 7 aprel, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunun böyük elmi işçisi İradə Məmmədova tərəfindən sədokimilər fəsiləsinin bəzi efiryağlı növlərinin Abşeronda çoxaldılması, yerli şəraitə uyğunlaşdırılması, bioloji, ekoloji və dekorativlik xüsusiyyətlərinin öyrənilməsi məqsədilə tədqiqatlar aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatçı ətirli sədo (Ruta graveolens L), üçyarpaq ponsirus (Poncirus trifoliata L. Rafin) növlərinin Abşeron şəraitində introduksiyası və iqlimləşdirilməsi məqsədilə toxumla çoxaldılması, cücərtilərin morfologiyası və inkişaf dinamikasını araşdırıb.
Tədqiqat işi Dendrologiya İnstitutunun təcrübə sahəsində aparılıb. Abşerondan yığılmış və respublikamızın müxtəlif bölgələrindən gətirilmiş toxumlar istixana şəraitində, payız ayında torpağa səpilib. Hər iki növün cücərtilərinin əsas ontogenez mərhələlərinin xüsusiyyətləri, səpindən cücərtilərin əmələ gəlməsinədək olan dövr və cücərtilərin xarici görünüşü haqqında məlumatlar təhlil edilib.
Araşdırma nəticəsində ətirli sədo növünün toxumlarının cücərmə faizi 50, üçyarpaq ponsirus toxumlarının cücərmə faizi 20 olub. Cücərtilərin morfologiyasını öyrənərkən məlum olub ki, ətirli sədo bitkisinin hipokotel hissəsi 4-5 santimetr uzunluğundadır. Ləpə yarpaqları yaşımtıl-bozumtul rəngdə, qarşı-qarşıya çevrilmiş yumurtavarı formada olub, uzunluğu 1 santimetrə qədərdir. Üçyarpaq ponsirus bitkisinin isə uzunluğu 30-32, yarpağının uzunluğu 2-2,5, eni 1-1,5, tikanlarının uzunluğu 1-1,2 santimetrdir.
Tədqiq olunan hər iki növ dekorativ bitkidən parkların, bağların, çəpərlərin yaşıllaşdırılmasında geniş istifadə edilir. Bundan başqa, sədokimilər fəsiləsinə aid olan bu növlər efiryağlı bitkilər olduğundan tibdə qastrit, allergiya, revmatizm kimi bir sıra xəstəliklərin müalicəsində, habelə ağrıkəsici kimi geniş istifadə edilir.