“Bibiheybət” gəmi təmiri zavodunda göz müayinəsi aksiyası: Dünyaya sağlam baxaq
Bakı, 13 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) göz müayinəsi aksiyası keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Paşa Sığorta” ASC və Dünyagöz Xəstəxanasının tərəfdaşlığı ilə baş tutan aksiya zamanı BGTZ əməkdaşları peşəkar oftalmoloqlar tərəfindən müayinə olunublar.
“Dünyaya sağlam baxaq” devizi altında təşkil olunan profilaktiki tibbi aksiyanın əsas məqsədi göz xəstəlikləri ilə bağlı monitorinqin aparılması və tibbi məsləhətlərin verilməsindən ibarətdir.
Qeyd edək ki, aprelin əvvəlindən başlayan tibbi aksiya davam edir. Oftalmoloq-həkimlər aprelin 17-də ASCO-nun aparatında, 19-da isə Azərbaycan Dövlət Dəniz Akademiyasında olacaqlar. ASCO-nun tərkibində fəaliyyət göstərən digər strukturlarda çalışan əməkdaşlar isə qeyd olunan tarixlərdə özlərinə yaxın ərazidə yerləşən idarəyə yaxınlaşmaqla müayinədən keçə bilərlər.