Biləsuvar və Cəlilabadda aqrar sığorta ilə bağlı görüşlər keçirilib
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan yeni aqrar sığorta mexanizmi barədə fermerlərin məlumatlandırılması davam edir. Bu işlər çərçivəsində Aqrar Sığorta Fondunun nümayəndələri Biləsuvar rayonlarında fermer və iş adamları ilə görüşlər keçiriblər.
Fonddan AZƏRTAC-a bildiriblər ki, yerli icra hakimiyyətinin dəstəyi və Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə keçirilən görüşlər rayonun əsas kənd təsərrüfatı əraziləri olan Ağalıkənd, Amankənd, Yuxarı Cürəli, Çaylı, Nəsimikənd və Səmədabad kəndlərində təşkil edilib.
Cəlilabadda isə görüşlər rayonun iri əkinçilik və təsərrüfat mərkəzləri sayılan Üçtəpə, Təzəkənd, Muğan, Uzuntəpə, Qarakazımlı kəndlərində keçirilib. Görüşlərdə fermerlərə aqrar sığorta mexanizmi, onun şərtləri, gətirdiyi üstünlüklər barədə geniş məlumat verilib. Bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 növ bitkini və südlük inək-camışları sığortalamaq mümkündür. Üstəlik, fermerlərə dəstək məqsədilə, sığorta haqqının yarısı da dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər olduqca kiçik məbləğdə sığorta haqqı ödəməklə əkin sahələri və heyvanlarını sığortalaya bilərlər. Belə ki, Biləsuvarda (Şirvan-Salyan iqtisadi rayonu) 1000 manatlıq məhsul götürülən buğda sahəsinin hər hektarının sığortalanması fermerlərə cəmi 6,5 manata, Cəlilabadda (Lənkəran-Astara iqtisadi rayonu) isə cəmi 5,5 manata başa gələcək. Bu məbləğ müqabilində əkin sahələri təbii fəlakətlərdən, o cümlədən qasırğa, fırtına və doludan, yanğın, zərərvericilər və xüsusi ziyanvericilərdən, eləcə də 3-cü şəxslərin hərəkətlərindən sığortalamaq mümkündür.
Qiyməti 1000 manatdan başlayan inəklərin sığorta haqqı isə 30-47 manatdan başlayır. Bu məbləği ödəməklə inəkləri təbii fəlakətlər, yanğın, yoluxucu xəstəlik və zəhərlənmələr, ilan və həşərat sancmasından ölüm, zəhərli ot və yemdən zəhərlənmədən ölüm, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətlərindən sığortalamaq olar.
Görüşdə iştirak edən fermerlər və yerli sakinlər aqrar sığorta şərtlərindən və sığorpa haqqının məbləğindən razı qalıblar. Onlar sığorta şərtləri, sığortalanma və ödəniş prosedurları barədə suallar veriblər, bütün suallar ətraflı cavablandırılıb.
Bildirilib ki, sığorta hadisəsi baş verdikdə tələb olunan bütün sənədlər təqdim ediləndən sonra 7 gün ərzində sığorta ödənişi fermerin hesabına keçirilir.
Tədbirdə fermerlərə bildirilib ki, yaxın vaxtlarda sığortalanan məhsulların - bitki və heyvanların siyahısı böyüyərək 40-a çatdırılacaq. Eləcə də aqrar sığortanın əhatə etdiyi risklərin siyahısı genişləndiriləcək.