Biləsuvarda Aprel şəhidlərinin xatirəsi anılıb
Biləsuvar, 3 aprel, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda Aprel döyüşləri zamanı cəbhənin Füzuli bölgəsi istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olan Fərahim Novruzov və Hüseyn Dəmirlinin xatirəsi ehtiramla anılıb.
Mərasimdə rayon rəhbərliyi, Azərbaycan Ordusunun zabitləri, müharibə veteranları, Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının üzvləri və gənclər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində əvvəlcə şəhidlərin məzarları ziyarət olunaraq üzərlərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Mərasimdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov şəhidlərin ailə üzvləri və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Fərahim Novruzovun və Hüseyn Dəmirlinin xatirəsinin biləsuvarlıların qəlbində əbədi yaşayacağını bildirib. A.Bağırov Milli Ordumuzun Aprel döyüşlərində qazandığı tarixi qələbələrdən danışaraq bildirib ki, bu qələbə ermənilərə ordumuzun gücünü, qüvvəsini göstərdi. Aprel döyüşləri göstərdi ki, Milli Ordumuz regionda ən güclü ordudur və döyüşçülərimiz istənilən vaxt öz tarixi dədə-baba torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir.
Digər çıxış edənlər Aprel qələbəsini ordumuzun gücünün bariz nümunəsi kimi səciyyələndirib, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin diqqət və qayğısı ilə aparılan yenidənqurma işlərinin böyük qayıdışın başlanğıcı olduğunu deyiblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyini vurğulayıblar.