Biləsuvarda qaçış üzrə rayon birinciliyi keçirilib
Biləsuvar, 24 iyul, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunan 5 kilometr məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 200 nəfərdən çox iştirakçının mübarizə apardığı yarışlara rayonun Xırmandalı kəndinin giriş hissəsindən start verilib. Nəsimi kənd sakinləri Seymur Hüseynov və Tacəddin Fətullayev Heydər Əliyev parkında qurulmuş finiş xəttinə müvafiq olaraq birinci və ikinci olaraq çatıblar. Çaylı kənd sakini Qadir Həmidli yarışı üçüncü pillədə başa vurub.
Mükafatlandırılma mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.
Tədbirdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov və idarənin Biləsuvar sektorunun rəisi Azad Quliyev çıxış edərək Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyi ilə əlaqədar görülən işlərdən, idmanın inkişafına təkan verən tədbirlərdən danışıb, idmançılara uğurlar diləyiblər.
Sonra qaliblərə medallar, Fəxri fərmanlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.