REGİONLAR
Biləsuvarda şəhidlərin xatirəsi yad edilib
Biləsuvar, 27 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqların azadlığı uğrunda aparılan savaşda şəhid olan igid Vətən oğullarının və qızlarının xatirəsinə həsr olunan tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Parkında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım Günü tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən danışıb. Bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və qalibiyyətlə başa çatan hərbi əməliyyatlar nəticəsində şanlı Ordumuz mənfur düşməni darmadağın etməklə uzun illər işğal altında qalan torpaqları azad etdi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası İqar Astanov və digərləri çıxış edərək bildiriblər ki, Vətən müharibəsində Azərbaycan xalqı, sözün həqiqi mənasında, birlik nümayiş etdirərək böyük Zəfərə nail oldu və bu Qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi idi.
Qeyd edilib ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əziz qalacaq və onların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnək olacaq.
Tədbirdə şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.