BİNƏQƏDİ NEFT YATAQLARININ BƏRPASI, İŞLƏNMƏSİ VƏ HASİLATIN PAY BÖLGÜSÜ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Azərbaycanın “Azpetrol” və Türkiyənin “Enka” şirkətinin 2004-cü ildə yaratdıqları Azen birgə müəssisəsinin neft yataqlarının bərpası və işlənməsi əməliyyatlarına 618 milyon ABŞ dolları sərf etməsi nəzərdə tutulmuşdur.
Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin sözlərinə görə, 25 il müddətinə bağlanmış müqavilədə 75 faiz Azenə, 25 faiz isə ARDNŞ-a məxsusdur. Sazişin şərtlərinə əsasən, birgə müəssisə Azərbaycana 1 milyon dollar bonus verəcək və Azərbaycanın sazişdəki payını maliyyələşdirməyi öhdəsinə götürür. Çıxarılacaq bütün səmt qazı Azərbaycan tərəfinə veriləcəkdir.
Natiq Əliyev neft müqaviləsinə sərmayə qoyulmasında Azərbaycan şirkətinin ilk dəfə iştirak etdiyini xüsusi vurğulamışdır.
Hazırda Binəqədi blokundakı neft yataqlarında 3600 quyudan 595-i fəaliyyət göstərir. Yataqlarda qalıq neft ehtiyatlarının həcmi isə 12,8 milyon tona bərabərdir. Hazırda sutkada 286 ton neft, 40 min kubmetr səmt qazı hasil olunur. Yataqlarda 1400 nəfər işləyir.
Azen birgə müəssisəsi fəaliyyəti dayanmış quyuları bərpa edəcək, yeni quyular qazacaqdır. Azen üç il ərzində blokda neft hasilatı 1,5 dəfə artırmasa, müqavilə pozulacaqdır.
“Binəqədi” müqaviləsi Azərbaycanın 1994-cü ilin 20 sentyabrından bəri xarici şirkətlərlə imzaladığı 24-cü sazişdir.
Sazişi ARDNŞ-in prezidenti Natiq Əliyev, Azen birgə müəssisəsinin direktorları Fatih Tar və Tomas Mozer imzalamışlar. Mərasimdə Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz iştirak etmişdir.