Bir neçə regional mədəniyyət və turizm idarəsinin saytı istifadəyə verilib
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Sabirabad şəhərində regional mədəniyyət və turizm idarələrinin internet saytlarının təqdimatı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə nazir Əbülfəs Qarayev çıxış edərək Prezident İlham Əliyevin ötən il martın 29-da imzaladığı Sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından istifadə edərək ölkəmizin mədəniyyət və turizmini daha geniş şəkildə təbliğ etməliyik. Bu xüsusda internet portallarının önəmi böyükdür. Eyni zamanda, mədəniyyət və turizm sahəsində çalışan insanların bilik və bacarıqlarının artırılması istiqamətində işlər görülməlidir.
Təqdimat mərasimində Masallı, Lənkəran, Kürdəmir, Sabirabad, Ağdaş, Şəki, Xaçmaz, Sumqayıt və Ağstafa regional mədəniyyət və turizm idarələrinin saytları təqdim olunub.
Nazirliyin texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov regional idarələrin saytları haqqında məlumat verib. Bildirib ki, saytlarda idarələrin əhatə etdiyi rayonların mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əksini tapıb. Saytlarda həmin regionlarda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı informasiyalara geniş yer verilib.
Diqqətə çatdırılıb ki, bununla da bütün regional mədəniyyət və turizm idarələrinin saytları istifadəyə verilmiş olub.
Sonda nazir Əbülfəs Qarayev işlərin daha da sürətləndirilməsi üçün tapşırıq və tövsiyələrini verib.