Birinci rübdə paytaxtın pərakəndə ticarət dövriyyəsi 3 faiz artıb
Bakı, 1 may, AZƏRTAC
Yanvar-mart aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3 faiz artaraq 4 milyard 924,5 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3 faiz üstələyərək 4 milyard 919,8 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2018-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə orta hesabla ayda 23,3 manat çox vəsait xərcləyib.
Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 2 milyard 241,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,9 faiz artaraq 2 milyard 682,9 milyon manata bərabər olub.
Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 54,5 faiz təşkil edib.
Birinci rübdə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,3 faizi ərzaq məhsullarının, 7,2 faizi içkilər və tütün məmulatlarının, 12,1 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,5 faizi elektrik malları və mebelin, 2,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,5 faizi əczaçılıq və tibbi malların, 7,5 faizi avtomobil yanacağının, 25,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.