REGİONLAR
Birinci rübdə Yevlaxda 7,2 milyon manatlıq tikinti işləri aparılıb
![](/files/galleryphoto/2019/2/1200x630/1558006303543718430_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15580063031108840508_1200x630.jpg)
Yevlax, 16 may, AZƏRTAC
Cari ilin birinci rübündə Yevlax rayonunda ümumi daxili məhsulun (ÜDM) həcmi 162,4 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,5 milyon manat və yaxud 4,8 faiz çoxdur. ÜDM-in 3,4 milyon manatını sənaye, 16,5 milyon manatını kənd təsərrüfatı, 7,2 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 7 milyon 352 min manat olub. Adambaşına 1263 manat ÜDM istehsal edilib ki, bu da ötən ilin birinci rübünə nisbətən 49 manat və yaxud 3,6 faiz çoxdur. Rüb ərzində 978 nəfər işlə təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Yevlax rayonunda 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Bildirilib ki, üç ayda rayonda tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Bu dövrdə Yuxarı Bucaq və Əkşəm kəndlərinin telefon nömrələrinin artırılması üçün yenidən qurma işlərinə başlanılıb. Hazırda Kür çayı sahilində hotelin, 11 saylı Ərazi Vergilər Departamentinin, Data Mərkəzinin, 45 mənzilli yaşayış binalarının tikintisi aparılır, Yevlax-Zaqatala avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində, Aran qəsəbəsində mədəniyyət evində əsaslı təmir və yenidən qurulma işləri görülür.
Yığıncaqda aqrar sahədə görülən işlərdən bəhs edilərkən qeyd olunub ki, birinci rübdə əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi məqsədilə rayon ərazisində 94 kilometr suvarma kanalı mexanizmlərlə lildən təmizlənib. 3000 metr beton kanallar və nasos stansiyalarına xidmət edən 1000 metr uzunluğunda təzyiqli boru kəmərləri təmir olunub. 2019-cu ilin məhsulu üçün 60 hektarda kartof, 156 hektarda tərəvəz, 3008 hektarda təzə yonca əkilib. Hazırda yazlıq bitkilərin əkini, 2406,77 hektar pambıq, 11 min 585 hektar taxıl sahəsində becərmə işləri davam etdirilir.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin III ərazi sektorunun müdiri Vəfadar Bağırov yığıncaqda çıxış edərək respublikada sosial-iqtisadi sahədə görülən işlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.