DÜNYA
Birləşmiş Ərəb Əmirliklərində uşaqlar və yeniyetmələr üçün kinofestival təşkil olunub
![](/files/galleryphoto/2023/3/1200x630/16991823234996857768_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16991823234033134197_1200x630.jpg)
Bakı, 5 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) uşaqlara və yeniyetmələr həsr olunan X beynəlxalq kinofestival başa çatıb.
AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, bu il Şərcə şəhərində keçirilən tədbir çərçivəsində dünya səviyyəli üç, regional səviyyəli 43 premyera təşkil olunub.
Festivalın direktoru şeyxa Cəvahir bint Abdulla Əl-Qasiminin sözlərinə görə, bu unikal layihənin əsas məqsədi uşaqları kino sənayesinə cəlb etmək, onlara ssenarist, rejissor, aktyor olmalarında kömək göstərməkdir.
“Bu günün uşaqları, gəncləri daha ağıllıdır. Onlar çoxlu sual verirlər. Bu səbəbdən də onların seyr etdikləri filmlər özündə cavab daşımalıdır”, - deyə festivalın direktoru vurğulayıb.
Bu il festival rejissor Tarik Əl-Rimavinin “Zoopark” animasiya filmi ilə açılıb, əsas diqqət Fələstin-İsrail münaqişəsi fonunda balaca oğlanın əhvalatına yönəldilib.
Tədbirə, həmçinin “Görkəmli natiqlər” nominasiyasında mükafat qazanmış Misirdən Yan Rame kimi gələcəyi parlaq gənc istedadlar da dəvət olunmuşdu. Festival çərçivəsində tamaşaçılar üçün təşkil olunan müxtəlif ustad dərslərində uşaqlar ekspertlərin rəhbərliyi ilə storitellinq sənətini öyrənib, eləcə də peşəkar qrimetmənin sirrlərinə yiyələniblər.