Bişkekdə “Aytmatov-İmperiyanın son yazıçısı” kitabı Azərbaycan dilində çap olunub
Bişkek, 11 noyabr, АZƏRTAC
Bişkekdəki “Uulu Toolar” nəşriyyatında Osmonkun İbrahimovun “Aytmatov-İmperiyanın son yazıçısı” adlı kitabı Azərbaycan dilində çap olunub.
Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən çap olunan kitabı Azərbaycan dilinə Günel Xəzəl tərcümə edib.
Fondun rəhbəri Nüsrət Məmmədov AZƏRTAC-ın müxbirinə bildirib ki, əsərin dekabr ayında Bakıda təqdimatının keçirilməsi nəzərdə tutulur. O vurğulayıb ki, Çingiz Aytmatov Azərbaycanı çox sevib, orada çoxlu dostları olub. Ulu öndər Heydər Əliyev və Xalq şairi Bəxtiyar Vahabzadə haqqında isə həmişə ürəkdolusu danışıb. Heydər Əliyev Çingiz Aytmatovun əsərlərini çox sevib, vaxtilə yazıçı ilə söhbətində ulu öndər yazıçının “Birinci müəllim”, “Cəmilə”, “Əlvida Gülsarı”, “Əsrə bərabər gün”, “Ağ gəmi” və digər əsərlərini həvəslə oxuduğunu bildirib.
Kitabda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə Çingiz Aytmatovun Bakıda olması, Azərbaycan Prezidenti İlham Əliyevin yazıçını qəbul etməsi haqqında da ətraflı məlumat var. O vaxt İlham Əliyev yazıçıya yeni təsis olunan “Dostluq” ordeni təqdim edib.
Kitab 2018-ci ildə Moskvada, sonra isə Astanada və Kiyevdə nəşr edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek