MƏDƏNİYYƏT
Bişkekdə “Lev Qumilyov Mərkəzi” açılacaqdır
Bişkek, 2 iyul (AZƏRTAC). Bişkekdə türk dünyasının tanınmış tədqiqatçısı, etnoloq, sosioloq və tarixçi alim Lev Qumilyovun həyat və fəaliyyəti, əsərlərinin təbliği ilə məşğul olan “Lev Qumilyov Mərkəzi” fəaliyyətə başlayacaqdır.
Bu barədə Moskvadakı “Lev Qumilyov Mərkəzi”nin direktoru Pavel Zarifulin Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat vermişdir. Onun sözlərinə görə, Rusiya və Qırğızıstan tərəfləri mərkəzin yaradılmasında birgə fəaliyyət göstərəcəklər.
P.Zarifulin demişdir ki, bu il oktyabrın 1-də Lev Qumilyovun anadan olmasının 100 illik yubileyi qeyd ediləcəkdir. O bildirmişdir ki, Lev Qumilyovun irəli sürdüyü konsepsiyaya görə, slavyanlar və türklər arasında dostluq əlaqələri bütün Avrasiyanın yaşam tərzinə çevrilmişdir. Qeyd edilmişdir ki, bu mərkəz Rusiya ilə türkdilli xalqlar arasında elm, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafına təkan verəcəkdir.
Lev Qumilyovun “Etnogen və yerin biosferi”, ”Qədim türklər”, ”Xəzər ətrafında minillik”, ”Son və yenidən başlanğıc”, ”Birinci türk xaqanlığının müfəssəl siyasi tarixi” əsərləri və digər kitabları məşhurdur.
Türk dünyası qarşısındakı xidmətlərə görə Kazanda Lev Qumilyova abidə qoyulmuş, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 1996-cı ildə Astanada Lev Qumilyov adına Avrasiya Milli Universiteti açılmış, 2002-ci ildə universitetdə Lev Qumilyov adına muzey yaradılmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek