Bişkekdə Osmonaalı Sıdıq ulunun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Astana, 26 sentyabr, AZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkekdə görkəmli maarifçi, alim və ictimai xadim Osmonaalı Sıdıq ulunun anadan olmasının 150 illiyinə həsr olunmuş “Türk dünyasının Maarifçilik Hərəkatı Kontekstində Osmonaalı Sıdıq ulunun irsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir Qırğızıstanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi çərçivəsində Beynəlxalq Türk Akademiyası tərəfindən Qırğızıstan Respublikasının Təhsil Nazirliyi və “Manas” Milli Akademiyası ilə birgə təşkil olunub.
AZƏRTAC Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, iştirakçıların təqdimatları Osmonaalı Sıdıq ulunun irsindən tutmuş XIX-XX əsrlərin kəsişməsində türk xalqlarının intellektual həyatını formalaşdıran maarifçilik və islahatçı hərəkatlarının roluna qədər geniş məsələlər spektrini əhatə edirdi.
Konfransın açılışında çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev Osmonaalı Sıdıq ulunun əsərlərinin tarix elminin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
“Ona görə də Osmonaalı Sıdıq ulunun yubileyi təkcə Qırğızıstan üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisədir”, - deyə o bildirib.
Qeyd etmək lazımdır ki, Osmonaalı Sıdıq ulu tarixə ilk qırğız tarixçisi və dövrünün ən böyük maarifçilərindən biri kimi düşüb. O, Koçkor vadisində dünyaya gəlmiş, mədrəsədə təhsil almış, rus dilində mükəmməl danışmış, qonşu xalqların alim və maarifçiləri ilə ünsiyyətdə olmuşdur. Osmonaalı gənc yaşlarından əsərlərinin əsasını təşkil edən qırğız xalqının mənşəyi haqqında materiallar — genealoji rəvayətlər, folklor və tarixi məlumatlar toplamağa başlayıb.
Bişkekdə keçirilən konfrans tarixi və maarifləndirici irsin öyrənilməsi və təbliği üçün səylərini birləşdirən alimlər və ziyalılar arasında mühüm dialoq platformasına çevrildi.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana