MƏDƏNİYYƏT
“BİZİM NAMƏLUM KİNO”NUN... SİRRİ “ARAZ”DA AÇILACAQDIR
Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin təşəbbüsü ilə iyulun 24-dən 30-dək Bakıda “Bizim naməlum kino” adlı ikinci festival keçiriləcəkdir. Baş idarədən AZƏRTAC-ın müxbirinə demişlər ki, ötən ilki festivaldan fərqli olaraq bu dəfə nəinki naməlum filmlər, həm də diqqətdən kənar qalmış cizgi filmləri, sənədli ekran işləri də nümayiş etdiriləcək, bədii filmlər isə qısametrajlı olacaqdır. Proqrama daxil edilmiş 36 kino əsərindən ən yaxşı bədii, sənədli və cizgi filmləri mükafatlandırılacaqdır. Qeyd olunmuşdur ki, bundan başqa festivalda iki nominasiya üzrə də qalib seçiləcəkdir. Belə ki, ən fəal jurnalist və tamaşaçı müəyyənləşdiriləcəkdir. Qaliblər tamaşaçılar tərəfindən anketlər vasitəsilə seçiləcəklər. Bir həftə ərzində nümayiş etdiriləcək festival filmlərinə tamaşaçılar “Araz” kinoteatrında pulsuz baxacaqlar.