Biznesin idarə edilməsinin müasir problemləri - MDU-da növbəti ustad dərsi
Bakı, 1 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) dəstəyi ilə növbəti ustad dərsi keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən ustad dərs biznesin idarə edilməsinin müasir problemləri fənni üzrə mövzuları əhatə edib. Dərsdə universitetin bir qrup akademik heyət üzvü və biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.
İnteraktiv şəkildə təşkil olunan ustad dərsində AHBVU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Metehan Tolon mövzu ilə bağlı təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Dərsdə, həmçinin fənnin sillabusunun təkmilləşdirilməsi və tədrisinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb. Ustad dərsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edilib ki, cari tədris ilindən MDU-da magistratura səviyyəsində tədris olunan fənlər üzrə tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə ustad dərslərə başlanılıb. Əsas məqsəd universitetdə magistratura təhsilinin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə tələbə və müəllimlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Sözügedən ustad dərsin təşkilinə MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar Cemal Yılmaz və Evren Güçer dəstək göstəriblər.