MƏDƏNİYYƏT
BMA-da “LOLA” proqramının rəsmiləri ilə görüş keçirilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) LOLA (LoLa Low Latency Audiovisual Streaming System) audiovizual yayım proqramının rəsmiləri ilə görüş keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı iştirakçılar həmin proqramın onlayn və canlı yayım zamanı musiqi sahəsində göstərə biləcəyi yeniliklərindən danışıblar.
Həmçinin Xalq artisti, BMA-nın Beynəlxalq, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova akademiyaya təşrif buyuran qonaqlara təşəkkürünü bildirərək, bu görüşün hər iki tərəf üçün çox önəmli olduğuna diqqət çəkib. Görüşdə Naxçıvan Dövlət Universitetinin Musiqi şöbəsində də LOLA sisteminin qurulmasının zəruri olması bir daha qeyd olunub. Bununla yanaşı, növbəti mərhələlərdə qarşılıqlı əlaqələr vasitəsilə müxtəlif ölkələrin bir neçə universitetlərinin ifaçılarının eyni anda bərabər şəkildə canlı yayım edə biləcəkləri barədə söhbət aparılıb və bu səpkidə görüləcək işlər müzakirə edilib.