BMT- NİN İNKİŞAF PROQRAMI VƏ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ BİRGƏ LAYİHƏNİN YENİ MƏRHƏLƏSİNƏ BAŞLAMIŞLAR
Yanvarın 14-də Dövlət Gömrük Komitəsində BMT İnkişaf Proqramının Prezidenti nümayəndəsi Marko Borsotti və Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov başçılıq etdikləri qurumların birgə həyata keçirdikləri “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması” layihəsinin üçüncü mərhələsinin başlanmasına dair sənəd imzalamışlar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, adı çəkilən layhənin icrasına 1999-cu ilin yanvarından başlanmışdır. Layihənin birinci mərhələsində bölgədə ilk dəfə mərkəzi gömrük idarəsi ilə regional gömrük bölmələrini birləşdirən geniş elektron şəbəkəsinin yaradılması prosesi başlamış, komitənin əməkdaşları müasir kompüter və telekommunikasiya avadanlığından praktiki istifadə sahəsində təlimləndirilmişlər. Layihənin ikinci mərhələsi elektron əlaqələdirmə şəbəkəsinin tam yaradılması ilə nəticələnmişdir.
İnformasiya-kommunikasiya texnologiyalarının dövlət idarəetmə orqanlarında tətbiqinin qabaqcıl nümunələrindən biri olan bu layihənin 2003-2004-cü illərdə həyata keçiriləcək üçüncü mərhələsində, əsasən, ixtisaslaşdırılmış proqram təminatının yaradılması və sınaqdan keçirilməsi, şəxsi heyətin müvafiq təlimi və bu sahədə tədqiqatların aparılması mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur. Layihə çərçivəsində bu sahədə mövcud olan xarici təcrübənin öyrənilməsi də nəzərdə tutulur.
BMT-nin İnkişaf Proqramı və Dövlət Gömrük Komitəsinin birgə maliyyələşdirdikləri layihənin dəyəri 900 min ABŞ dollarıdır.
İmzalanma mərasimindən sonra Kəmaləddin Heydərov və Marko Borsotti kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışlar.