SİYASƏT
BMT BAŞ MƏCLİSİ SESSİYASININ İŞTİRAKÇILARI AZƏRBAYCAN NÜMAYƏNDƏSİNİN TƏKLİFİNİ ALQIŞLARLA QARŞILAMIŞLAR
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi sentyabrın 12-də fəaliyyətini davam etdirmişdir. Diplomatlarımız ölkə üzrə keçirilən qanvermə kampaniyasına qoşulmuşlar. Səfirliyin əməkdaşları Qızıl Xaç məntəqələrindən birinə gedərək, Nyu-York və Vaşinqtonda baş verən terror aktlarından zərərçəkənlərə yardım məqsədi ilə qan vermişlər.
Azərbaycan səfirliyi GUÖAM dövlətlərinin Vaşinqtondakı səfirlikləri ilə birlikdə mətbuat üçün məlumat yaymışdır. Həmin məlumatda Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Özbəkistanın diplomatik nümayəndəliklərinin dəhşətli terror aktlarını pislədiyi ifadə edilir. Sənəddə deyilir ki, ĞUÖAM ölkələri beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində dövlətlərarası əməkdaşlığa tərəfdardırlar.
Səfirlik Nyu-York və Vaşinqtonda baş vermiş terror aktlarının qurbanları, həmçinin Pensilvaniya ştatının Pittsburq şəhəri yaxınlığında yerə dəymiş təyyarənin sərnişinləri arasında azərbaycanlıların olub-olmamasını araşdırırlar. Hələ ki, bunların arasında həmvətənlərimizin olması barədə rəsmi məlumat yoxdur.
Sentyabrın 12-də günün ikinci yarısında BMT Baş Məclisinin 56-cı sessiyası öz işinə başlamışdır. İlk iclasda qəbul olunmuş qətnamə çoxsaylı insan tələfatına, dağıntıya səbəb olan dəhşətli terror aktlarını pisləyir. Sessiya iştirakçıları bu gərgin və faciəli günlərdə ABŞ əhalisi və hökuməti ilə həmrəy olduqlarını bildiriblər. O da vurğulanıb ki, terrorçular, onları dəstəkləyən, maliyyələşdirənlər mütləq tapılıb məsuliyyətə cəlb ediləcəklər. Qətnamə qəbul edildikdən sonra, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin fəaliyyətdə olan başçısı Yaşar Əliyev BMT-də qanvermə məntəqəsi yaratmağı təklif etmişdir. “Biz Nyu-Yorku sevirik, ona kömək etmək istəyirik” - deyən Azərbaycan diplomatı Baş katib Kofi Annana müraciət edərək BMT-nin Tibb mərkəzində qanvermə məntəqəsi yaratmağı xahiş etmişdir. Bu təklif məclis iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Cənab Annan cavabıında demişdir: “Zənnimcə, siz burada toplaşan səfirlər və nümayəndə heyətləri tərəfindən çox yaxşı cavab aldınız. Bu, o deməkdir ki, mətəqənin yaradılması çətin olmayacaq və biz növbəyə duraraq qan vermək istəyən çox adam görəcəyik”.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton