BMT nümayəndəsi: Bakı son illərdə beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilib
Bakı, 13 may, AZƏRTAC
Ticarət yalnız limanlar, yollar və gömrük sistemləri vasitəsilə həyata keçirilmir. Ticarət həm də şəhərlər, insanlar və yaşayış məkanları vasitəsilə inkişaf edir. Şəhərlər iqtisadi imkanların, innovasiyaların, sosial inteqrasiyanın və dayanıqlı inkişafın mərkəzidir. Dayanıqlı şəhər sərmayələri isə gələcəyin iqtisadiyyatını formalaşdıran əsas qüvvələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan Ofisinin nümayəndəsi Runze Vanq "Şəhərlərdən sərhədsiz ticarətə: İxrac və logistika forumu"nda deyib.
O bildirib ki, Azərbaycan bu baxımdan unikal coğrafi mövqeyə malikdir: “Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ölkə kimi Azərbaycan yalnız nəqliyyat dəhlizlərinin deyil, həm də şəhər inkişafı və regional əməkdaşlığın mühüm platformasına çevrilir. Xüsusilə Bakı şəhəri son illərdə qlobal tədbirlərə ev sahibliyi etməklə beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilib”.
“Bu həftə Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Gələn həftədən etibarən şəhər Dünya Şəhərsalma Forumunun – WUF13-ün iştirakçılarını qəbul edəcək. Artıq 180 ölkədən 132 mindən çox insan forumda iştirak üçün qeydiyyatdan keçib. Bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün mühüm hadisədir. BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən təşkil olunan Dünya Şəhərsalma Forumu urbanizasiya, dayanıqlı şəhər inkişafı, iqlim çağırışları, sosial inklüzivlik və şəhər iqtisadiyyatı üzrə dünyanın ən böyük beynəlxalq platformalarından biridir. Forum hökumətləri, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri və vətəndaş cəmiyyətini bir araya gətirərək şəhərlərin gələcəyini müzakirə etmək üçün qlobal əməkdaşlıq imkanları yaradır. WUF13 hamımız üçün vacibdir. Çünki dayanıqlılıq yalnız infrastrukturu qorumaq demək deyil. Dayanıqlılıq eyni zamanda insanların imkanlarını, rifahını və gələcəyə çıxışını qorumaqdır. Ticarətin və iqtisadi inkişafın gələcəyi təkcə yollar, limanlar və logistika ilə qurulmayacaq. Bu gələcək eyni zamanda dayanıqlı, yaşıl, inklüziv və innovativ şəhərlərlə formalaşacaq. Bakıdakı WUF13 forumu da məhz bu gələcəyin necə qurulacağını birlikdə müzakirə etmək üçün mühüm platformadır”, - deyə Runze Vanq əlavə edib.