BMT Təhlükəsizlik Şurası sülhməramlıların rəqəmsal texnologiyalarla təchizatını müzakirə edib
Qahirə, 19 avqust, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında dünyanın müxtəlif ölkələrindəki silahlı münaqişə zonalarında sülhməramlı missiya yerinə yetirən hərbi kontingentlərin ən müasir rəqəmsal texnologiyalar ilə təchiz edilməsi məsələsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, BMT-nin bununla bağlı bəyanatında təşkilatın sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin onların öz missiyasını uğurla yerinə yetirməsi baxımından bu addımın böyük əhəmiyyəti vurğulanıb. Təhlükəsizlik Şurasının üzvləri bildiriblər ki, silahlı münaqişə zonalarında olan təmas xətlərində toqquşmaların qarşısının alınması, habelə sülhməramlı hərbçilərə olan hücumların əvvəlcədən müəyyən edilməsi məqsədilə xüsusi peyk rabitəsi və silahlıların dislokasiyasını göstərən cihazlardan istifadə olunmalıdır. BMT TŞ-nin mandatı altında fəaliyyət göstərən hərbi kontingentlərin ən müasir texnologiyalarla təchiz edilməsi məsələsinin təşkilata üzv ölkələrlə ayrı-ayrılıqda müzakirəsi də təklif edilib. Eyni zamanda, BMT Baş katibinə tövsiyə edilib ki, sülhməramlıların və dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni texnologiyaların maliyyələşdirilməsi istiqamətində üzv ölkələrin hökumətləri ilə məsləhətləşmələr aparılsın.
BMT TŞ-nin bu müzakirələri son vaxtlar Afrika ölkələrində sülhməramlılara hücumların artması və onların arasında itkilərin çox olması ilə əlaqədardır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə