Bolnisidə “Azərbaycanda Təhsil İmkanları” mövzusunda infosessiya təşkil olunub
Tbilisi, 16 iyun, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanda Təhsil İmkanları” mövzusunda infosessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bolnisi rayonunun 15 kəndindən 100-ə yaxın şagird, müəllim və ictimai fəal iştirak edib.
Mərkəzin direktoru Rezo Həsənov bildirilib ki, tədbirin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı gəncləri Azərbaycan Respublikasında mövcud olan təhsil imkanları, qəbul qaydaları və təqaüd proqramları barədə məlumatlandırmaq, onların ali təhsil sahəsində daha geniş imkanlardan yararlanmasına dəstək olmaqdır.
Daha sonra Azərbaycan Respublikasının Elm və Ali Təhsil Agentliyinin nümayəndəsi Həcər Kələbiyeva və “Study in Azerbaijan” layihəsinin məsul əməkdaşı Şəbnəm Səfərova çıxış edərək layihə haqqında təqdimatla çıxış ediblər. Onlar Azərbaycanda ali təhsil imkanları, qəbul qaydaları, təqaüd proqramları, eləcə də ölkənin son illərdə təhsil sahəsində qazandığı regional və beynəlxalq nailiyyətlər barədə iştirakçıları məlumatlandırıblar.
Üç sessiyadan ibarət olan infosessiya zamanı iştirakçılara Azərbaycanda təhsil almağın üstünlükləri, mövcud təqaüd imkanları və tələbələr üçün yaradılan şərait haqqında geniş məlumat təqdim olunub.
Görüş çərçivəsində təlimçilər şagird və müəllimləri maraqlandıran suallara aydınlıq gətiriblər.
Gürcüstanın və Azərbaycanın təhsil sistemləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıblar
Tədbirin sonunda iştirakçılara məlumatlandırıcı broşurlar və müxtəlif hədiyyələr təqdim olunub.