BOLQARISTAN AZƏRBAYCANIN İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNƏ MARAQ GÖSTƏRİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir müavini Elmir Vəlizadə Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev, «dWare» şirkətinin prezidenti Damian İvanov və şirkətin direktor müavini İskra Lozanska ilə görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə E.Vəlizadə Bolqarıstanda İKT sektorunun inkişaf səviyyəsini, bu sahədə əldə olunmuş nailiyyətləri və təcrübəni yüksək dəyərləndirdiyini bildirmişdir.
Bolqarıstan səfiri ölkələrimiz arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətli olacağını qeyd etmişdir.
«dWare» şirkətinin rəhbəri D.İvanov Azərbaycanın informasiya texnologiyaları bazarına olan maraqlarından danışmış və təmsil etdiyi şirkətin məhsullarının Azərbaycan bazarına çıxarılması üçün burada tərəfdaşlar tapmaq niyyətində olduğunu bildirmişdir. O, rəhbərlik etdiyi şirkətin proqram məhsullarından bir çox Avropa ölkələrində istifadə edildiyini vurğulamışdır. D.İvanov Azərbaycanda da bu məhsullara yüksək qiymət veriləcəyinə ümid etdiyini bildirmiş, bununla bağlı «Ultra», «Risk», «Sinam» şirkətləri ilə görüşlər keçirildiyini diqqətə çatdırmışdır.
Görüşdə bu ilin payızında keçiriləcək «BakuTel-2008» beynəlxalq İKT sərgisində iştirak etməyin Bolqarıstan şirkəti üçün əhəmiyyəti vurğulanmışdır.