Bolqarıstanın “Fokus” agentliyi Azərbaycan kinematoqrafiyasının uğurlarından yazır
Sofiya, 2 fevral, AZƏRTAC
Bolqarıstanın “Fokus” xəbər agentliyində Azərbaycan filmlərinin Sofiyada keçirilən “MENAR” Film festivalında nümayiş olunması barədə məqalə yer alıb.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə son illər çəkilmiş “Qırmızı bağ”, “Şəhər motivləri”, “Nar bağı” filmlərinin festivalda nümayişi ölkəmizin kino sənətinin müasir inkişafının bolqar ictimaiyyətinə çatdırması baxımından yüksək qiymətləndirilir.
Məqalədə Azərbaycanda istehsal edilən bədii, sənədli və cizgi filmlərinin nəinki yerli auditoriya, eləcə də xarici kinosevərlər tərəfindən maraqla qarşılandığı vurğulanır. Qeyd olunur ki, rejissorlar Boris Barnet və Səməd Mərdanovun 1935-ci ildə lentə aldığı Azərbaycan tarixində ilk səsli ekran əsəri olan “Mavi dəniz sahilində” filmi dünya kinematoqrafiyasının 100 illik yubileyi ilə əlaqədar nüfuzlu film tənqidçiləri arasında aparılmış sorğuya əsasən dünyanın ən yaxşı filmləri siyahısına daxil edilib.
Son illər istehsal olunan 13 Azərbaycan filminin 20 ölkədə keçirilən 38 festivalda iştirak etdiyi və 20 mükafata layiq görüldüyü diqqətə çatdırılıb. Rejissor İlqar Nəcəfin “Nar bağı” filminin süjet xətti və beynəlxalq arenada uğurları barədə məlumat verilib.
Qeyd edək ki, artıq bir neçə ildir ki, Azərbaycan filmləri Bolqarıstanda nümayiş olunur və bolqar ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya