Botanika İnstitutunun əməkdaşları “Horizon-2020” proqramına müraciət qaydaları barədə məlumatlandırılıb
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları barədə növbəti maarifləndirici seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminar ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və meşəçilik, dəniz və daxili su hövzələri tədqiqatları və bioiqtisadiyyat istiqaməti üzrə milli əlaqələndirici Fərid Seyfullayev tərəfindən aparılıb.
O, “Horizon-2020”nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyor tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat verib. Əyani olaraq “Horizon-2020” veb-səhifəsində qeydiyyatdan keçmək, çağırışların tapılması və tərəfdaş axtarışının necə aparılmasını göstərib.
Daha sonra Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndirici Zaur Həsənov “Horizon-2020” üzrə qalib layihəsi barədə danışaraq təcrübələrini bölüşüb.
Sonda iştirakçıların sualları cavablandırılıb.