BÖYÜK BRİTANİYA ALİMLƏRİ AKADEMİK CƏLAL ƏLİYEVİ ƏMƏKDAŞLIĞA DƏVƏT EDİRLƏR
London Universitetinin Royal Hallovey kolleci Tədqiqatlar Mərkəzinin direktoru, professor Peter Bramley və Kompüter elmləri departamentinin rəhbəri, professor Aleks Qammerman Milli Məclisin deputatı, akademik Cəlal Əliyevə məktubla müraciət etmişlər. Onlar AMEA-nın Botanika İnstitutunda akademik Cəlal Əliyevin başçılıq etdiyi məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsi ilə həmin mərkəz arasında əməkdaşlıq etmək və müvafiq saziş imzalamaq istədiklərini bildirmişlər. Britaniya alimləri onu da vurğulamışlar ki, onlar
bioinformatika üzrə “Bitki genom ardıcıllığında genlərin identifikasiyası üçün patern tanıma üsulları” layihəsində həmyerlimiz, azərbaycanlı tədqiqatçı, biologiya elmləri namizədi İlham Şahmuradovun elmi rəhbəridir.
Böyük Britaniya Biotexnologiya və Bioloji Elmlər Tədqiqat Şurası tərəfindən maliyyələşdirilən layihə üzrə aparılan tədqiqat işləri uğurla davam edir. Akademik Cəlal Əliyev AZƏRTAC-ın müxbirinə demişdir:
-Bizə müraciət edən tədqiqatçı alimlər dünyanın yüksək elmi potensiala, geniş maddi-texniki bazaya, maliyyə imkanlarına malik olan tanınmış elm mərkəzlərindən birini təmsil edirlər. Bu müraciət heç də təsadüfi deyildir. Azərbaycanda apardığımız tədqiqatlardan, elmi axtarışların istiqamətlərindən və əldə etdiyimiz nəticələrdən Böyük Britaniya alimlərinin də xəbəri var. Xaricdəki həmkarlarımız bunları qiymətləndirməyi bacarırlar.
Elmin heyrətamiz nəticələr əldə etdiyi, böyük kəşflərə gəlib çatdığı hazırkı dövrdə Azərbaycan elmini inkişaf etdirmək, başqalarından geri qalmamaq üçün tanınmış tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq böyük fayda verə bilər. Biz bu imkanlardan həmişə istifadə etmişik və bundan sonra da edəcəyik. İndinin özündə bizim gənc, perspektivli əməkdaşlarımız ABŞ, Yaponiya, Böyük Britaniyanın tanınmış elm mərkəzlərində müxtəlif qrantlar hesabına praktiki əhəmiyyəti olan tədqiqatlar aparırlar. Maliyyə imkanlarımızın məhdud olduğu indiki vaxtda dünyanın elm mərkəzləri ilə sıx əlaqələr yaratmağa çalışırıq. Elmi əməkdaşlıq barədə bizə ünvanlanmış müraciətə əsasən, yaxın vaxtlarda Böyük Britaniyadakı həmkarlarımızla niyyət protokolu imzalayacağıq.