SİYASƏT
BÖYÜK BRİTANİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin lordlar və icmalar palatalarının nümayəndə heyətini qəbul etmişdir.
Nazir Vilayət Quliyev qonaqları səmimi salamlayaraq, bu səfərin Böyük Britaniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün faydalı olacağını və iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrin inkişafına təkan verəcəyini bildirmişdir. O, iki ölkə xalqlarının yaxınlaşmasında parlamentlərarası qrupların yüksək rolu olduğunu vurğulamışdır.
Daha sonra Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan işlər, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti və qaçqınların ağır vəziyyəti barədə də qonaqlara ətraflı məlumat vermiş, həmçinin münaqişənin beynəlxalq hüququn prinsip və normaları əsasında tezliklə aradan qaldırılması üçün beynəlxalq birliyin səylərinin zəruriliyini qeyd etmişdir.
Böyük Britaniya parlamentinin üzvləri Azərbaycanla Böyük Britaniya arasındakı münasibətləri yüksək qiymətləndirərək, əlaqələrin bir çox sahələrdə genişlənməsinin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafının, beynəlxalq təşkilatlarda daha sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.
Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin mətbuat mərkəzi