“BÖYÜK SƏKKİZLİK” MOSKVADA QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞDİR
Bu il Rusiyanın sədrlik etdiyi “böyük səkkizliyin” nümayəndələri ənənəvi yanacaq növləri ilə etibarlı təminat, enerji daşıyıcılarına getdikcə artmaqda olan qlobal tələbatın təmin edilməsi, enerji yoxsulluğu ilə mübarizə, enerji təchizatının təhlükəsizliyi və ekoloji təhlükəsizlik, bazarın səmərəliliyinin stimullaşdırılması və dünya enerji sistemi fəaliyyətinin sabitliyinin artırılması məsələlərini müzakirə etmişlər.
“Böyük səkkizlik” nazirlərinin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə vurğulanmışdır ki, Rusiya dünya enerji tərəfdaşlığının yaradılmasına və beynəlxalq birliyin qlobal enerji təhlükəsizliyini təmin etmək sahəsində bir çox vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş səylərini birləşdirməyə tərəfdardır.
V.Putin demişdir ki, dünya iqtisadiyyatını, ilk öncə, həm istehsalçı ölkələr, həm də istehlakçılar üçün məqbul şərtlər əsasında ənənəvi yanacaq növləri ilə etibarlı surətdə təmin etmək, enerji yoxsulluğu ilə mübarizə aparmaq lazımdır.