Böyük tibb bacısı: 44 gün ərzində 900-ə yaxın yaralı qəbul etdik
Bakı, 7 noyabr, AZƏRTAC
Ötən il sentyabr 27-də verilən təcili qərara görə Mərkəzi Neftçilər Xəstəxanasından həkimlərlə yanaşı böyük bir tibb heyəti - tibb bacıları da regionlardakı xəstəxanalara ezam olundular.
İlk gün Gəncə Hospitalına yerləşsək də, daha sonra Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına getdik. Bir günə kollektivimiz adi xəstəxananı hospitala çevirdi. Bəli, bunu edə bildik, çünki o zamankı ruh yüksəkliyi, əzm və birliyimizlə mümkünsüz olanları da edə bilərdik.
44 gün ərzində 900-ə yaxın yaralı qəbul etdik. Elə yaralılar vardı ki, üzərində eyni zamanda, həm neyrocərrah, həm abdominal, həm damar, həm travmatoloq, həm də torakal cərrah işləyirdi. Sevindirici haldır ki, heç bir yaralımızı itirmədik.
Bunu AZƏRTAC-a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat blokunun böyük tibb bacısı Sevda Məmmədova deyib.
Böyük tibb bacısının sözlərinə görə, Gəncə şəhərinin erməni terrorçuları tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə isə 5 dəfə bombalanması onları sarsıtsa da, qorxutmayıb: “Rəşadətli ordumuza döyüş meydanında məğlub olan düşmən öz alçaq əməllərindən əl çəkmir, cəbhədən uzaq yerləşən rayon və şəhərlərin dinc sakinlərini hədəfə alırdı. Buna baxmayaraq, yenə var gücümüzlə xidmət etdik. Yaralıları qəbul edir, onlara tibbi xidmət göstərməklə yanaşı, mənəvi dayaq olmağa da çalışırdıq. Atılan raketlərdən biri xəstəxananın 150 metr yaxınlığına düşmüşdü. Bu zaman ilk olaraq əlbəttə ki, yaralıları fikirləşdik. Daha pis vəziyyətdə onları evakuasiya etmək lazım gələcəkdi. Gəncə xəstəxanasının sığınacağının olduğunu öyrəndim. Açarı tapıb zirzəmiyə baxış keçirdim. İşıqlandırılmış yeraltı sığınacağın böyük sahəsi vardı. Yalnız bundan sonra arxayın olduq ki, yaralılarımızı təhlükəsiz yerdə saxlamağa imkanımız var.
Düşmən bizi təşvişə salıb, xaos yaratmaq istəsə də, əksinə biz “Dəmir yumruq” kimi birləşib möhkəm olduq. Gecə-gündüz dayanmadan yaralılara xidmət etdik. Xalq olaraq birliyimiz hərbçilərə ön cəbhədə ruh yüksəkliyi verirdi. Biz arxa, onlarsa ön cəbhədə qalib olduq.
Anım günündə Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində dediyi kimi Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün təxribatlara sinə gəldi. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Biz ədalət, milli qürur savaşına çıxmışdıq. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq - öldü var, döndü yoxdur. Canımızdan canlar getsə də, qəhrəman oğullarımızı qurban versək də, gecə yatdığımız yerdə üstümüzə raketlər atılsa da, geri çəkilmədik, əksinə, daha da irəlilədik və kulminasiya nöqtəsi kimi Şuşaya bayraq asdıq. Vətən müharibəsində 7-dən 77-yə hamımız savaşdıq, hər birimiz öz gücümüzü ortaya qoyduq və çoxdan gözlənilən Zəfəri birlikdə bayram etdik!
Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin!”