Braziliyalı səyyah: Bu yerlərin turizm potensialı çox yüksəkdir və regionun parlaq gələcəyi var
Cəbrayıl, 6 noyabr, T.Ağaməmmədov, AZƏRTAC
Mən Braziliyadan gəlmişəm. Biz Qarabağ regionunda dağıntılarla, həmçinin burada aparılan bərpa-quruculuq prosesi ilə tanış olmuşuq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilən ərazilərinə növbəti səfəri zamanı Cəbrayıl rayonunda Xudafərin körpüsü ilə tanış olan Priscila Perianez deyib.
“Düşünürəm ki, bu yerlərin turizm potensialı çox yüksəkdir və regionun parlaq gələcəyi var. Burada olmaqdan məmnunluq duyuram”, - deyə o əlavə edib.
Qeyd edək ki, dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50 nəfərə yaxın geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis başçılıq edir.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən iki ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə reallaşıb.