Britaniyalı alimlər: qeyri-normativ iş qrafiki insulta səbəb olur
Bakı, 21 avqust, AZƏRTAC
Qeyri-normativ iş qrafiki insulta səbəb olur. Belə ki, həftədə 55 saatdan çox işləyən insanların insult keçirmə riski həftədə 35-40 saat işləyənlərlə müqayisədə 33 faiz yüksəkdir.
London Universiteti kollecinin (Böyük Britaniya) alimləri 17 tədqiqatın nəticələrinin təhlili əsasında bu qənaətə gəliblər. 7,2 il ərzində aparılmış tədqiqatlarda 530.000 kişi və qadın iştirak edib. AZƏRTAC “The Guardian” nəşrinə istinadla bildirir ki, bu araşdırmanın nəticələri “The Lancet” tibb jurnalında dərc edilib.
Həftədə 41-48 saat işləyən insanların beynində qan dövranının pozulması riski standart qrafiklə (həftədə 40 saatdan çox olmamaqla) işləyən şəxslərlə müqayisədə 10 faiz artıb. Həftədə 49-54 saat işləyən insanların insult keçirmə ehtimalı isə 27 faiz artıb.
Tədqiqatçılar başqa amilləri, məsələn spirtli içkilər qəbul edilməsi, fiziki gərginliyin dərəcəsi, habelə yüksək qan təzyiqi və qanda xolesterinin yüksək səviyyəsi kimi məlum risk amillərini nəzərə aldıqda da britaniyalı alimlərin gəldiyi nəticə təsdiqlənib.
Lakin təsvir edilən xəstəliklərin inkişafının qarşısını almaq mümkündür. Məsələn, iş günü ərzində hər 1-2 saatdan bir fasilələr etmək, bu fasilələr zamanı idmanla məşğul olmaq, həmçinin təmiz havada gəzişmək və sağlam qidalanma qaydalarına riayət etmək məsləhətdir.