BRİTANİYALILAR MATERATSSİ BARƏSİNDƏ VİDEODOSYE TOPLAMIŞLAR
İngiltərə televiziyaçılarının materialı internetdə də yerləşdirilmişdir və Materatssinin klub karyerasının beş məqamından ibarətdir. O, son beş ildə “İnter”də oynayır, bundan əvvəl uzun müddət “Peruca”da çıxış etmişdir.
Onun “Kalyari” klubunun müdafiəçisi Antonio Langellaya qarşı kobudluğu (14 noyabr, 2004-cü il) videodosyedə 5-ci yeri, “Portu”nun hücumçusu Benedikt Makkartinin baldır əzələsinə ayağının altı ilə zərbəsi (Çempionlar Liqası, 23 fevral. 2005-ci il) 4-cü yeri tutmuşdur. Materatssinin ukraynalı Andrey Şevçenkoya qarşı kobudluğu (13 may, 2003-cü il) üçüncü yerdədir. Marko “Milan”ın hücumçusuna “çiyin-çiyinə” mübarizəni uduzaraq yıxılmış və bu zaman ayağı ilə onun boyun nahiyəsinə zərbə vurmuşdur. Markonun atılaraq göydə iki ayağı ilə Canluici Lentininin bədəninə sarsıdıcı zərbə endirməsinə (7 iyun, 1998-ci il, onda Materatssi “Peruca”da oynayırdı) videodosyedə 2-ci yer verilmişdir. Nəhayət, İtaliya yığması müdafiəçisinin lap ağını çıxardığı kobudluğu barədə. Bunu o, yenə də Şevçenkoya qarşı etmişdir (13 may, 2005-ci il). Həmin epizodda Materatssi əvvəlcə Andrea Pirlonu itələmiş, Ukrayna yığmasının kapitanı mübarizəyə qoşulduqda isə, onun xayasına zərbə endirmişdir.