Bu gün üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatı start götürüb
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatı start götürüb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışlarda 3-cü idman dərəcəsi olan 140-a yaxın üzgüçü qatılıb. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50, 100, 200 metr məsafələrdə arxası üstə, brass və batterflay üsullarda yarışırlar.
Birincilikdə Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətinin üzvləri güclərini sınayırlar. Çempionatda Azərbaycan Üzgüçülük Federasiyası, Su İdman Sarayı, “1st Fitness”, ÜGİM Xətai, Azərbaycan Avropa Məktəbi, Paralimpiya Komitəsi, Azərbaycan Üzgüçülük Klubu, AURA sağlamlıq Mərkəzi, FHN idman klubu, “Kristal” üzgüçülük klubu, “Sərhədçi” İdman Olimpiya Kompleksi, “Şüa” İdman Sağlamlıq Mərkəzi, ÜGİM Sumqayıt və Respublika UGİM komandaları iştirak edirlər.
Azərbaycan açıq qış çempionatında İranın klub üzgüçüləri də iştirak edirlər. Yarışın keçirilməsində məqsəd üzgüçülüyün təbliği, idmanın bu növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2022-ci il üçün beynəlxalq yarışlarda iştirak edəcək milli komandanın heyətinin formalaşdırılmasıdır.
Qaliblər Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.