BU İL METRODA GEDİŞ QİYMƏTLƏRİNİN ARTIRILMASI GÖZLƏNİLMİR
Metro stansiyalarındakı keçidlərdə, yol ayrıclarında, eləcə də qatarların ikisində monitor quraşdırıldığını jurnalistlərin diqqətinə çatdıran T.Əhmədovun sözlərinə görə, gələcəkdə bu sistem bütün qatarlarda və digər mühüm obyektlərdə tətbiq edilərsə, təhlükəsizlik məsələləri daha etibarlı həll olunar.
Bakı metropolitenində gediş qiymətlərinin dünyanın bütün metrolarındakından ucuz olduğunu söyləyən rəis bildirmişdir ki, gediş qiymətlərinin tənzimlənməsi metropoliten rəhbərliyinin səlahiyyətində deyildir. Bu il qiymətlərin artırılacağı gözlənilmir. Qiymətlərin həddindən artıq ucuz olması metronun maliyyə problemlərini daha da artırır. Bütün texnika və avadanlığı xaricdən alan metropoliten, mütəmadi olaraq, maliyyə problemləri ilə üzləşir. Dövlət büdcəsindən ayrılan vəsait tələb olunan xərcləri tam ödəmir.
Vaxtilə metropolitenə məxsus ərazilərdə inşa olunan qanunsuz tikililərin gec-tez söküləcəyini bildirən T.Əhmədov demişdir ki, hazırda həmin obyektlərin bəziləri inşa olunan yeni metro stansiyalarının və tünellərin üstünə düşür.
Yeni keçid sisteminin tətbiqinin əhəmiyyəti barədə mətbuat nümayəndələrini məlumatlandıran metropoliten rəisi bildirmişdir ki, artıq metronun bütün keçidlərində quraşdırılan yeni keçid avadanlığının sayı 64 ədədə çatdırılıb. Bu il əlavə 116 ədəd avadanlığın alınmasına vəsait ayrılıb. İlin sonunadək yeni avadanlığın quraşdırılmasının tam başa çatdırılması nəzərdə tutulur. 2007-ci il yanvarın 1-dən etibarən keçidin yalnız kartlar vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bir kartın qiyməti iki manatdır (AZN). Həmin kartları istənilən vaxt kassaya qaytarmaq mümkündür. Bundan əlavə, Beynəlxalq Bankın müştəriləri kassalarda öz kartlarına keçid konturu yükləməklə metrodan istifadə edə bilərlər. Kartları keçidlərdə quraşdırılmış yoxlayıcı qurğuların ekranına yaxınlaşdırmaqla, keçidlərin sayını müəyyənləşdirmək mümkündür.
Yeni layihələr çərçivəsində görülən işlər, reklam və icarə gəlirlərinin xərclənməsi və digər məsələlər barədə məlumat verən T.Əhmədov axırda jurnalistlərin suallarını cavablandırmışdır.