Bu il Sabirabadda modul tipli 8 məktəb quraşdırılacaq
Sabirabad, 7 may, Mahir Babayev, AZƏRTAC
Son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunaraq yenilənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonunda bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 3 yeni məktəb binası tikilib istifadəyə verilib, 5 bina isə əsaslı təmir olunub. Ötən tədris ilində rayonda bir modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Dövlətimizin başçısının Sərəncamı ilə bu il rayonda modul tipli daha 8 məktəb binasının quraşdırılması nəzərdə tutulub.
Rayon Təhsil Şöbəsindən bildiriblər ki, məktəb binaları rayonun Hacıbəbirli, Balakənd, Salmanlı, Yastıqobu, Ağaməmmədli, Bala Həşimxanlı, Güdəcühür kəndləri və Sabirabad şəhərində quraşdırılacaq. Quraşdırılacaq məktəb binaları üçün artıq kəndlərdə münasib yerlər ayrılıb və hazırlıq işləri görülür. Yaxın günlərdə binaların tikintisinə başlanılacaq.