BUDAPEŞTDƏ AZƏRBAYCAN VƏ MACARISTAN RƏSSAMLARININ BİRGƏ SƏRGİSİ TƏŞKİL EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin bayram edilməsi çərçivəsində mayın 29-da Budapeştdəki şəfirliyimiz Ani Soloki rəsm qalereyası ilə birlikdə Azərbaycan və Macarıstan rəssamlarının əsərlərinin sərgisini təşkil etmişdir.
Vernisajda Azərbaycan rəssamları R.Abbasovun, A.İbrahimovun, M.Hüseynovun, S.Haqverdiyevun, R.Cabbarovun, N.Şamxorovun səfirliyin kolleksiyasında olan işləri, həmçinin macar fırça ustaları Barnabaş Sabo-Şipoşun, İmre Buskonun və İştvan Korbelinin rəsmləri təqdim olunmuşdur.
Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov qonaqları səmimi salamlayaraq, Azərbaycan və macar xalqlarının mənəvi yaxınlığı və çox zəngin mədəniyyəti haqqında söhbət açmışdır.
Diplomat bildirmişdir ki, bu cür sərgilər ənənəvi olacaq və təsviri sənətlə maraqlananlara hər iki ölkənin rəssamları və onların işləri ilə tanış olmağa imkan verəcəkdir.
Sonra Macarıstan Rəssamlar və Təsviri Sənət Ustaları Assosiasiyasının baş katibi, sənətşünas xanım Aqneş Urbana söz verilmişdir. O, bu cür maraqlı sərgi keçirilməsinə görə səfirə təşəkkür etmişdir. Bir sənətşünas kimi o, təqdim olunmuş işləri şərh edərək bildirmişdir ki, Azərbaycan təsviri sənətinə həyat eşqi ilə dolu parlaq və əlvan boyalar xasdır. Macar rəngkarlığında hələ də Avstriya təsiri - təmkinli kolorizm hiss olunur. Buna görə də sərgi təşkilatçılarının Macarıstan rəssamlarının onların azərbaycanlı həmkarlarına xas olan oxşar baxışlara və icra tərzinə malik işlərini təqdim etməyə müvəffəq olması onu çox sevindirir.