REGİONLAR
Bulvarla dəniz arasında quru sahə yaranıb, bitkilər əmələ gəlib - Astara bulvarından REPORTAJ FOTO VİDEO
Astara, 19 fevral, İlkin Adıyev, AZƏRTAC
Son illərdə Xəzər dənizinin suyunun geri çəkilməsi Astara rayonunda da sahil ərazilərdə quru sahələrin yaranmasına səbəb olub. Hətta bu ərazilərdə illər öncə subasma nəticəsində məhv olmuş bəzi bitki növlərinin yenidən əmələ gəlməsi də müşahidə edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə il əvvəl Xəzərin suları Astara bulvarının başlanğıc nöqtəsinə qədər gəlib çatırdı. Lakin son illər dəniz suyunun çəkilməsi nəticəsində bulvarla dəniz arasında geniş quru sahə yaranıb.
Yerli sakinlərin sözlərinə görə, Astara Dənizkənarı Bulvarı tikilməmişdən əvvəl burada xüsusi qurğular və daşlar quraşdırılıb ki, bulvar hazır olandan sonra su bu hissəyə daxil olmasın. İndi isə həmin istehkamlara ehtiyac qalmayıb, çünki Xəzər dənizi geri çəkilir.
Mütəxəssislər bildirirlər ki, mövcud vəziyyət Xəzərin dib relyefinin seysmikliyi ilə sıx bağlıdır. Müxtəlif illərdə müşahidə olunan kəskin azalmalar sonradan dənizdə suyun səviyyəsinin artması ilə əvəzlənib. Bu çəkilmə də müvəqqəti xarakter daşıyır.
“Xəzərin suyunun geri çəkilməsinin bir sıra səbəbləri var. Ən böyük səbəblərdən biri qlobal istiləşmə nəticəsində buxarlanmanın sürətlənməsidir. Xəzərə 130 çay tökülür, həmin çayların üzərində bəndlər və su anbarları yaradılıb, bu da suyun səviyyəsinin azalmasına gətirib çıxarır. Bundan başqa, Türkmənistan ərazisində yerləşən Qaraboğazgöl körfəzinin suyunun azalması və Xəzərin suyunun oraya tökülməsi də dənizin çəkilməsinin başlıca səbəblərindəndir. Hazırda Xəzər dənizinin səviyyəsi dünya okeanı səviyyəsindən 28 metr aşağıdadır. Əvvəllər isə bu göstərici 27 metr idi. Təxminən 1 metr azalma müşahidə edilir” , - deyə mütəxəssis Nəvai Qənbərov bildirir.
Xəzər dənizinin tədricən geri çəkilməsi sahilboyu uzanan qumsal quru əraziləri, hətta köhnə tiklilərin bünövrələrini də üzə çıxarıb. Artıq bu ərazilərdə bir vaxtlar yox olmuş iynəyarpaqlı bitkilərə də rast gəlinir.