“Business Standard”: Bu il 4,3 min nəfər milyonçu Hindistanı tərk edə bilər
Bakı, 20 iyun, AZƏRTAC
2024-cü ildə ən azı 4 min 300 milyonçunun Hindistanı tərk edərək başqa ölkələrdə biznes fəaliyyətinə başlayacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, “Business Standard” qəzeti bu barədə ABŞ-ın “Henley & Partners” konsaltinq şirkətinin proqnozuna istinadla məlumat yayıb.
Beləliklə, Hindistan 2024-cü ildə milyonçuların axınına görə Çin (15 min 200 nəfər) və Böyük Britaniyadan (9 min 500 nəfər) sonra üçüncü yerə yüksələcək. Bu, milyonlara sahib 5,1 min nəfərin ölkəni tərk etdiyi 2023-cü illə müqayisədə aşağı göstəricidir.
Şirkətin proqnozuna əsasən, 2024-cü ildə 1 milyon dollardan çox sərvəti olan təxminən 128 min nəfər yaşadıqları ölkələri tərk edəcək. Onların miqrasiya istiqamətləri, əsasən Birləşmiş Ərəb Əmirlikləri və ABŞ olacaq.
Birləşmiş Ərəb Əmirlikləri 2024-cü ildə rekord sayda - 6 min 700 milyonçunu qarşılamağa hazırlaşır. Ekspertlərin sözlərinə görə, sabit siyasi çərçivə, inkişaf etmiş infrastruktur, sakit mühit, biznes fəaliyyətinin asanlığı, müxtəlif investisiya imkanları BƏƏ-yə böyük həcmdə xarici sərmayə cəlb etmək fürsəti yaradır.