BUXARESTDƏ “DİNLƏRARASI SÜLHDƏ QADINLARIN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın, Rumıniya parlamentinin müşaviri Luminitsa Georgiunun, senator Korneliya Kozacunun, Rumıniya Hüquqşünas Qadınlar Cəmiyyətinin sədri Paula Yakobun, xarici ölkələrin Buxarestdəki səfirləri və onların həyat yoldaşlarının, həmçinin müxtəlif diplomatik missiya nümayəndələrinin iştirak etdiyi konfransı Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatası Qadınlar Birliyinin sədri Birgül Şənyuva açmışdır.
YUNESKO-nun Rumıniyadakı Baş Katibliyinin rəhbəri Aleksandr Mironov təmsil etdiyi qurum barədə ətraflı məlumat vermiş, zorakılığa qarşı mübarizənin davam etdirilməsinin vacibliyini söyləmişdir.
Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının sədri Tamer Alatay bütün dinlərdə qadınların rolunun yüksək qiymətləndirildiyini bildirmiş, terrorizmin bəşəriyyət üçün ən böyük təhlükə olduğunu və dünya ictimaiyyətinin bu fəlakətə qarşı birgə mübarizə aparmasının zəruriliyini vurğulamışdır.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Azərbaycanın insan haqlarının qorunmasına dair bir neçə konvensiyaya qoşulduğunu diqqətə çatdırmış, ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər, siyasi, hüquqi, o cümlədən insan hüquqları sahələrində aparılan islahatlar, qadınların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. O, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyona yaxın soydaşımızın ağır vəziyyətindən danışmışdır.
Həmin gün Elmira Süleymanova ümummilli lider Heydər Əliyevin Buxarestdəki büstünü ziyarət etmişdir.