Cahan fikrimizlə süslənəcəkdir, hər zaman nəğməmiz səslənəcəkdir...
Bakı, 23 noyabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tam orta məktəbində Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə “Cahan fikrimizlə süslənəcəkdir, hər zaman nəğməmiz səslənəcəkdir” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Təhsil Kompleksindən AZƏRTAC-a bildirilib ki, məktəbin direktoru Bəşarət Hüseynova çıxış edərək tədbirin Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncamına əsasən keçirildiyini söyləyib, görkəmli şairin həyat və yaradıcılığından danışıb.
Kompleksin kafedra müdiri, professor Vəfa Əliyev də görkəmli şairin yaradıcılığından söz açıb. O, Müşfiq şəxsiyyətini milli şüur və vətənpərvərliyin mücəssəməsi, onun yaradıcılığını isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində, vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə adlandırıb.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aypara Məmmədova Müşfiq yaradıcılığının ahəngliyindən və şairin şəxsiyyətindən bəhs edib.
Tədbir çərçivəsində məktəblilər Müşfiq poeziyasından “Yenə o bağ olaydı”, “Oxu tar”, şeirlərini və onun yaradıcılığından digər nümunələri səsləndirib, rəqs ediblər.
Sonda məktəblilər M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılından səhnəcik nümayiş etdiriblər.