SİYASƏT
Cəbhə xəttindəki son hadisələr zamanı Ermənistan Azərbaycan ordusunun nəyə qadir olduğunu gördü
Bakı, 11 aprel, AZƏRTAC
Cəbhə xəttində baş vermiş son hadisələr zamanı Ermənistan Azərbaycan ordusunun nəyə qadir olduğunu gördü və bundan dərs aldı. Yəqin ki, Ermənistan tərəfi bundan sonra uzun müddət təxribat törətməyəcək.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveytə səfəri çərçivəsində səfirliyin dəstəyi ilə təşkil olunmuş mətbuat konfransında "Əl-Kut" televiziya kanalına müsahibəsində bildirib.
Nazir 1994-cü ildə elan edilməsinə baxmayaraq, mütəmadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində təmas xəttində gərginlik yaşandığını qeyd edib. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrin də Ermənistan tərəfinin atəşkəsi kəskin şəkildə pozması nəticəsində başladığı, Azərbaycan ordusunun qarşı tərəfi cavab atəşi ilə susdurmağa məcbur olduğu küveytli dinləyicilərin diqqətinə çatdırılıb. Nazir BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnaməyə uyğun olaraq, Azərbaycanın problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb.
Nazir Azərbaycanın turizm bölgələrinin hadisələrin baş verdiyi yerlərdən uzaq olduğunu diqqətə çatdıraraq, bunun ölkəmizin turizm sektoruna heç bir təsir etməyəcəyini, münaqişənin sülh yolu ilə həllinin daha effektiv olacağını və ölkəmizə daha çox turist axınına səbəb olacağını vurğulayıb.