Cəlil Xəlilov: Aprel döyüşləri Azərbaycanın müasir tarixində ən uğurlu hərbi əməliyyatlardan biridir
Bakı, 4 aprel, AZƏRTAC
Böyük tarixi qələbə, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri bizim qürur mənbəyimizdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirib və vaxtilə işğal olunan Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad edib. Aprel döyüşləri zamanı həm dünya, həm də Ermənistan bir daha gördü ki, Azərbaycan Ordusu nə qədər güclüdür, əsgər və zabitlərimizin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Bu döyüşlər nəticəsində azad edilən torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır.
Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb ki, Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki ordumuz əlverişsiz mövqedə olmasına baxmayaraq, çox önəmli strateji yüksəklikləri azad edib. Bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti var. Aprel döyüşləri həm də Ermənistan ordusunun “hərbi qüdrəti” barədə yaranan “mifi” alt-üst etdi. Bir daha sübut olundu ki, Azərbaycan Ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə, hərbi hazırlığa malikdir və torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır.