Cəlilabadda “Ağ ölümə yox deyək!” mövzusunda “dəyirmi masa” keçirilib
Cəlilabad, 19 avqust, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Rayon Gənclər və İdman İdarəsi və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Ağ ölümə yox deyək!" mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbirində Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Abbas Zülfüqarov, Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin müəllimi Elməddin Mirzəyev və başqaları çıxış ediblər. Bildirilib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Sərhəd tanımayan, qlobal xarakter daşıyan narkomaniya beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
Diqqətə çatdırılıb ki, sağlam nəslin formalaşması Azərbaycanın dövlət siyasətində başlıca istiqamətlərdən biridir və bu sahədə mühüm tədbirlər həyata keçirilir.
Tədbirin sonunda narkomaniyanın fəsadları və onunla mübarizəyə həsr olunmuş sənədli film nümayiş etdirilib.