Cəlilabadda ot bağlaması ilə dolu yük avtomobili yanıb
Cəlilabad, 26 may, AZƏRTAC
Cəlilabad rayonunda ot bağlaması yüklənmiş kiçiktutumlu yük avtomobilində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, hərəkətdə olan avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtomobil yuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.
Sonra əraziyə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Operativ müdaxilə nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb və alov söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.